Polis,
daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından
biridir.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan
polisi 1988-ci ildən başlayan erməni millətçilərinin cinayət əməllərinə qarşı
mübarizə aparmış, Qarabağ döyüşlərində rəşadət göstərərək, dinc sakinləri
hücumlardan və əsir düşməkdən qorumuşdur. Erməni təcavüzü nəticəsində şəhər
və kəndlərimiz işğala məruz qalır, talan edilir, həmyerlilərimiz faciələrlə
üzləşirdi. Məlumdur ki, ordusuz bir respublikanın müdafiəsinə ilk öncə polislərimiz
qalxmışdı. Azərbaycan polisi tək cinayət əməlləri ilə mübarizə aparmır, eyni
zamanda ön cəbhədə düşmənlərə ağır zərbələr vururdu. “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adının ilk dəfə 11 nəfər şəhid olan polis əməkdaşına verilməsi təsadüfi
deyil.
Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki
xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix
keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində
Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur.
Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür.
Bu, böyük rəşadət, qəhrəmanlıq və dövətçiliyə sədaqət nümunəsidir.”
Xocalı rayon polisləri də torpaqlarımızın müdafiəsi uğrunda
erməni quldurlarına qarşı şücaətlə döyüşmüş, öz canlarını sipər edərək yüzlərlə
soydaşımızı düşmən gülləsindən, əsir düşməkdən xilas etmişdir. İşğalçı ermənilərin
Xocalıya hücumları ara vermirdi və hər cəhdlərində layiqli cavabı alırdılar.
1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda
daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Xocalı aeroportunun
komendantı Əlif Hacıyev, əməkdaşlardan Kamil Məmmədov, Asif Usubov, İlham
Qarayev və digərləri hadisə yerinə gedərək 50-60 nəfər yaralını xilas edərək xəstəxanaya
çatdırmışlar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı
maşında atəşə tutulub qətlə yetirildi. Ermənilərin törətdiyi cinayət əməllərinə
tutarlı qarşılıq verilirdi.
İrəvandan Xocalı aeroportuna edilən gündəlik reyslərin
sayı 30-a çatdırılmışdı. Həmin təyyarələrlə
ermənilər Xankəndinə hərbi sursat daşıyırdılar. Xocalı polisinin fədakar əməyi
sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə endirildi. Hətta Moskvanın bu
məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi
və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə
yol vermədi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet
ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi
ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yekan etdilər. İşğalçılarla
qeyri-bərabər döyüşlərdə 17 nəfər polis əməkdaşı da qəhrəmancasına şəhid
oldu. Xocalı soyqırımında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də
Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi və Xocalı aeroportunun
komendantı Əlif Hacıyevdir. Əlif Hacıyev qəhrəmanlığı ilə Azərbaycan xalqının
qəlbində əbədi məhəbbət qazandı. O, düşmənə sübut etdi ki, Azərbaycanın qorxmaz
oğulları torpaq uğrunda hər zaman öz canından keçməyə hazırdır.
Millət vəkili Elman Məmmədov “Xocalının səsi” qəzetinə
müsahibəsində bildirir ki, Xocalı şəhəri blokada şəaritində olarkən şəhərin
müdafiəsini özünümüdafiə batalyonunun üzvləri ilə bərabər, polis əməkdaşları
da qoruyublar. Xocalı Polisinin yaranma tarixi 1990-cı ilə təsadüf edir.
Xocalı polisinin yaradılmasının məqsədi bədnam qonşularımızın, çörək, su verən əli
kəsmək kimi nankorluq xisləti olan ermənilərin silahlı basqınlarının,
torpaqlarımıza, soydaşlarımıza təcavüzünün qarşısını almaq idi.
Xocalının müdafiəsində 29 nəfər hava limanının polisi, 50 nəfər
isə Xocalı polisi dayanırdı. Aqil Quliyev və onun 21 nəfər döyüşçüsü ilə bərabər,
ümumilikdə 300 nəfərə yaxın döyüşçü Xocalını müdafiə edirdi. Xocalı polisi
yarandığı gündən son ana qədər qəh-rəmanlıqla torpaqlarımızın müdafiəsində
iştirak edib. Xocalının işğalından sonra da təşkil edilən Xocalı polisi cəbhə
bölgəsində səngərlərdə düşmənlərə qarşı mübarizəni davam etdiriblər. Bu gün də
Xocalı polisi öz fəaliyyətini cəbhə bölgəsində davam etdirir. Xocalıda verdiyi
şəhidlərdən başqa, Xocalının işğalından sonra da torpaqlarımızın müdafiəsi
uğrunda döyüşlərdə Xocalı polisi neçə nəfər şəhid verdi. Mən Xocalı polisinin
fəaliyyəti ilə hər zaman qürur hissi duyuram.
1990-1991-cü illərdə Azərbaycan Respublikasının DİN-də
yaradılmış Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində 1-ci Rotanın Komandiri
vəzifəsində çalışmış Elmar Hüseynov Xocalı aeroportunun mühafizəsində iştirak
etmişdir. 1990-cı ilin noyabr ayında tabeçiliyində olan 1-ci Rotanın əməkdaşları
və Xocalı aeroportunun Xətt Milis Bölməsinin əməkdaşları Əlif Hacıyev, Kamil Məmmədov,
Bəxtiyar Aslanov, Asif Usubov ilə birgə Xocalı aeroportunun rus-erməni
qoşunlarından azad edilməsini və aeroportda Azərbaycan bayrağının
dalğalanmasını təşkil edib. O, “Xocalının səsi” qəzetində müsahibəsində
xocalıların torpağa bağlılığından danışdı. Bildirdi ki, Xocalı tam mühasirə şəraitində
olmasına baxmayaraq, xocalılar son günədək mübarizə apardılar, evlərini,
torpaqlarını qorudular. Xocalı əhalisi çətin durumda yaşasalar da, biz
döyüşçülərə daim mehriban münasibət göstəriblər və qayğı ilə yanaşıblar. Xocalı
aeroportunda xidmət edən polislər də, başda Əlif Hacıyev olmaqla hər birisi qəhrəmancasına
döyüşüblər.
Xocalı polisi yarandığı ilk gündən erməni silahlı qüvvələrinə
qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Xocalı faciəsi zamanı xalqımıza qarşı törədilən soyqırım əməkdaşlarımızın gözünü qırmadı, əksinə
onlar silaha sarılaraq Ağdam rayonunun Güllücə, Göytəpə, Qərvənd kəndləri
uğrunda gedən döyüşlərdə yaxından iştirak etdilər. Qeyri-bərabər döyüşlərdə 26
nəfər polis əməkdaşı şəhid olmuş, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alaraq yaralanmışdır.
Xocalı polisinin şəhidlik zirvəsinə ucalmış əməkdaşlarından
fəxri adlarla təltif edilənlər var. Onlardan Əlif Hacıyev Lətif oğlu, İsmayılov
İnqilab Ələkbər oğlu, Salahov Şakir Şamil oğlu, Əhmədov Natiq İlyas oğlu “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına, Usubov Əlyar Kamran oğlu, Səlimov Mikayıl
Bahadur oğlu “Azərbaycan Bayrağı” ordeninə, Bağırov Bəhmən Yaqub oğlu,
İsmayılov Arzu Mətləb oğlu, Mehdiyev Cavanşir İsaq oğlu, Bağırov Elşən Həsən
oğlu, Vəliyev Əli İmran oğlu, Əliyev Arif Xanlar oğlu “İgidliyə görə” medalına
layiq görülüblər. Orucov Famil Əli oğlu, Novruzov Zakir Novruz oğlu “Vətən
uğrunda” medalı ilə təltif ediliblər.
XOCALILARIN FƏXRİ – POLİS ADINI ÖZ ŞƏRƏFLİ XİDMƏTİ İLƏ
UCALDAN İNSAN
Xocalının mərd oğullarından biri, Azərbaycanın ən uzun müddətli
daxili işlər naziri olan,
hazırda Azərbaycan Prezidenti yanında Təhlukəsizlik
Şurasının katibi vəzifəsində çalışan general-polkovnik Ramil Usubovun xidmətlərini
xüsusi vurğulamaq istərdik.
1994-cü il aprelin 29-da Daxili İşlər Nazirliyində geniş
müşavirə keçirən Ulu öndər Heydər Əliyev polis orqanlarının fəaliyyətində əvvəllər
yol verilmiş qanunsuzluqların, nöqsan və çatışmazlıqların aradan qaldırılması
üçün şəxsi heyətdən yeni nazir təyin olunan Ramil Usubovun rəhbərliyi altında fədakarlıqla
işləməyi, xalqa və dövlətə layiqincə xidmət göstərməyi, cinayətkarlığa qarşı
daha barışmaz mövqe tutmağı tələb etmişdir.
Ramil Usubov dahi şəxsiyyət Heydər Əliyevin ona olan
etimadını doğrulda bildi. O, işlədiyi bütün dövrlərdə Azərbaycan dövlətinin
sabitliyi, xalqımızın rifahı naminə yorulmadan öz vəzifə səlahiyyətlərini şərəflə
yerinə yetirib.
Azərbaycan polisi
adını yüksək tutan Xocalı övladının xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
O, Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində,
cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə
dönməz sabitliyin əldə olunub qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli
Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı
ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur.
2018-ci il dekabrın 22-də 70 yaşı tamam olan Ramil Usubov, Azərbaycan
Prezidenti İlham Əliyevin həmin gün imzaladığı Sərəncam ilə “Şöhrət” ordeni ilə
təltif edildi.
Ramil Usubovun Azərbaycan Prezidenti yanında Təhlukəsizlik
Şurasının katibi vəzifəsinə təyin edilməsi Azərbaycan polisinə verilən yüksək
qiymətdir. Onun qüsursuz xidməti, yüksək insani keyfiyyətləri, dövlətçiliyimizin
möhkəmlənməsi naminə xidmətləri bizə qürur hissi yaşadır. Şübhəsiz Ramil Usubov
daxili işlər orqanlarında çalışan bütün işçilərə, gənclərə əsl vətəndaş kimi
nümunədir.
PƏHLƏVAN XOCALI POLİSİ
Xocalı polisləri dövlətçiliyə
sədaqət ənənəsini daim möhkəm saxlayıblar. Xocalının öz peşəsinə vurğun,
nizam-intizamlı polislərindən biri də Qəhrəmanov Məzahir Əhəd oğludur. Məzahir
Qəhrəmanov 25 mart 1971-ci ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub.
1996-cı ildə Nəsrəddin Tusi adına Pedaqoji Dövlət Universitetinin
Fizika-riyaziyyat fakültəsini bitirib. 1994-cü ildən Xocalı rayon Polis Şöbəsinin
əməkdaşıdır. 2016-cı ildən rəisin şəxsi heyətlə işi üzrə köməkçisi vəzifəsində
çalışır. Polis polkovnik-leytenentı rütbəsindədir. Usta məharət dərəcəsinə
layiq görülüb, qüsursuz xidmət etdiyinə görə III, II, I dərəcəli medallarla təltif
edilib.
Öz işinə məsuliyyətlə yanaşan Məzahir Qəhrəmanovu fərqləndirən
cəhət onda ilahi qüvvənin verdiyi bir gücün, bacarığının olmasıdır. Fiziki
görünüşdən cüssəli olan Məzahir 14 yaşından pəhləvanlıqla məşğul olur. O,
yeniyetmə yaşlarından Xocalıda və ətraf rayonlarda öz gücünü, bacarığını
nümayiş etdirib.
Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə 2011-ci ildə
Goranboy rayonu ərazisində xocalılar üçün salınmış Yeni Yaşayış massivinin
açılışında Məzahir Qəhrəmanov pəhləvanlıq nümunələri nümayiş etdirib. Pəhləvan
Məzahir polis işçilərinin peşə bayramlarında şəxsi heyət qarşısında müxtəlif pəhləvanlıq
nümunələri ilə onların əhval-ruhiyyəsini artırır, fiziki cəhətdən sağlam
olmağın üstünlüklərini gənc polislərə əyani şəkildə göstərir.
XOCALI POLİSİNİN BUGÜNKÜ FƏALİYYƏTİ
Hazırda DİN-in müavafiq əmrinə əsasən, 2003-cü ildən Xocalı
polisi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir və əməkdaşlarımız
öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Xocalı rayon sakinlərindən
digər rayonların polis orqanlarında xidmət edən çoxlu sayda əməkdaşlar var.
Rayonumuzda demək olar ki, hər bir ailənin polis orqanları ilə bağlılığı var,
yəni çoxlu sayda gəncimiz polis orqanlarında xidmət aparır.
Hal-hazırda
Xocalı Rayon Polis Şöbəsində 10 veteran polis xidmət edir.
Cəbhəboyu
zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin tam təmin edilməsi,
ictimai qaydanın qorunması və ən əsası baş verə biləcək cinayətlərin qarşısını
almaq üçün Xocalı rayon polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə
məntəqəsi inşa olunub. Bu polisin iş şəraitini yaxşılaşdırmaqla vətəndaşların
müraciətlərinin operativ araşdırılmasına da şərait yaradıb.
Xocalı rayon Polis Şöbəsinin şəxsi heyəti Vətən Müharibəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərib, arxa cəbhəmizdə xalqımıza dəstək oldu. 44 gün davam edən haqq savaşımızda erməni faşizmi Xocalı Rayon Polis Şöbəsinin inzibati binasını da hədəf aldı. Xocalı polisi əməkdaşlarından bəziləri doğma Xocalının Çanaqçı və digər kəndlərində xidmət aparırlar. İnanırıq ki, yaxın vaxtlarda Xocalı rayon Polis Şöbəsi doğma Xocalıya köçürüləcək və polislərimiz fəaliyyətini Xocalıda davam etdirəcək.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin
redaktoru